Avroliqada 34-cü turun ilk oyun günündə “Fənərbağça” Belqradda “Srvena Zvezda”nın qonağı olub. 1-ci period istanbulluların üstünlüyü şəraitində keçsə də, fasiləyə qədər “Srvena Zvezda” vəziyyəti xeyrinə dəyişə bilib. İkinci hissədə “Fənərbağça” bir qədər təzyiqi artırıb. Nəticədə oyunun taleynə overtaymda aydınlıq gəlib. Əlavə olunmuş hissədə daha inamlı təsir bağışlayan meydan sahibləri qələbə qazanıb: “Srvena Zvezda” – “Fənərbağça” 91:89. Məğlubiyyətə baxmayaraq, “Fənərbağça” pley-offa vəsiqəni təmin edib.
Türkiyə təmsilçisinin 1/4 finala yüksəlməsində isə “Olimpiakos” böyük rol oynayıb. Çempionatın lideri olan Yunanıstan klubu pley-offa çıxmaq uğrunda “Fənərbağça” ilə birgə mübarizə aparan “Baskoniya”nı 86:78 hesabıyla məğlub edib. Bu da “sarı lacivərdlilər”in işinə yarayıb. “Olimpiakos”un heyətində 23 xal və 10 ribaundla yadda qalan Aleksandar Vezenkov komandasının qələbəsində böyük pay sahibi olub. Yeri gəlmişkən, bu qələbə ilə “Olimpiakos” pley-offa lider kimi vəsiqə qazanıb. Belə ki, bu tura qədər pireylilərlə eyni göstəriciyə malik olan “Real Madrid” Təl-Əvivdə “Makkabi”yə məğlub olub. Hərçənd ilk hissə İspaniya çempionunun üstünlüyü şəraitində keçib. Fasiləyə 5 xal fərqi ilə geridə yollanan israillilər ikinci hissədə təşəbbüsü ələ alaraq oyunun taleyini overtayma daşıya bilib. Burada da daha dəqiq oynayan təl-əvivlilər qalib gəlib: “Makkabi” – “Real Madrid” 100:96. Günün digər matçlarına gəldikdə, “Alba” Berlində “Lion Villerban”ı 88:71 hesabıyla məğlub edib. İtaliya derbisində isə “Virtus Bolonya” “Olimpiya Milano”dan 89:84 hesabıyla üstün olub.